Azərbaycan milli mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Bunu Azərbaycanın qonağı olan və bu nemətlərdən dadan hər bir kəs təsdiq edə bilər. Bu gün zəngin Azərbaycan mətbəxi haqqında danışacağıq.
 
Azərbaycan ərazisində olan doqquz iqlim qurşağı, vətənimizin flora və faunasının zənginliyi eyni zamanda mətbəxin də rəngarəngliyinə təsir edir. Azərbaycan milli mətbəxinin tarixi də xalqımızın tarixi qədər qədimdir. Neolit dövründə buğda, arpa və çəltik əkib-becərən yerli əhali ondan müxtəlif qida məhsulları hazırlayırdı. Tunc dövründə maldarlığın inkişafı, qədim mətbəximizi müxtəlif süd məhsullarının köməyi ilə bir qədər də zənginləşdirdi. 
 
Milli mətbəximizdə 2000-ə yaxın xörək növü var.  İngilis səyyahı Entoni Cenkinsonun yazdığına görə Şamaxıda Abdulla xanın qonağı olarkən nahar vaxtı əvvəlcə süfrəyə 150 çeşiddə xörək gəlmiş, daha sonra ona 140 xörək növü də əlavə olunmuşdu. 
 
Azərbaycan kulinariyası öz tarixinə və özünəməxsusluğuna görə digər qonşu xalqların mətbəxindən xeyli fərqlənir. Milli xörəklərimiz dadına və hazırlanma texnologiyasına, həmçinin ədviyyatdan geniş istifadə olunmasına görə daha çox Şərq mətbəxinə yaxındır. 
 
Hər kəsə məlumdur ki, xalqın tarixi, etnoqrafiyası, hər şeydən əvvəl, onun dilində yaşayır. “Dolma”, “bozbaş”, “piti” sözləri isə sırf Azərbaycan sözləridir. Qədim türk sözü olan “dolma”, mənaca “dolmaq” felindən götürülüb. Bəzi bölgələrdə buna “sarmaq” felinə uyğun gələn “sarma” da deyirlər. 
 
Qədim Azərbaycan xörəklərindən biri də, sümüksüz qoyun ətindən hazırlanan və zəfəranla bişirilən pitidir. XIX əsrin II yarısı və XX əsrin əvvəllərində Şəkidə Xoruzoğlu adlı məşhur aşpaz-kulinar varmış. Azərbaycanın müxtəlif yerlərindən insanlar onun hazırladığı pitini dadmaq üçün Şəkiyə gələrmiş.
 
Azərbaycan mətbəxinə aid olan ətli xörəklər öz müxtəlifliyinə görə rəngarəng olsa  da onların arasında kabab öz populyarlığı ilə seçilir. Azərbaycan şişliyinin – yəni kababının müxtəlif növləri var. Tava kababı, manqal kababı, təndir kababı, sac kababı, lülə kabab, basdırma kabab və başqaları bu qəbildəndir. XIX əsrin ortalarında Azərbaycana səfər etmiş Aleksandr Düma, səyahət boyu rast gəldiyi ən ləzzətli yeməyin məhz kabab olduğunu yazırdı. 
 
Azərbaycan xörəkləri arasında  geniş yayılmış qovurma da qədimliyi ilə seçilən milli xörəklərimizdəndir. Qovurma hazırlamaq üçün  qoyun ətini  tikələrə bölür, duzlayır və yağda qovururdular.  Daha sonra qovurulmuş əti saxsı qablara yığır və üstünə əridilmiş quyruq yağı tökürdülər. Belə üsulla qovurmanı soyuducu olmadan aylarla saxlamaq mümkün olurdu. Adətən qovurma qış üçün tədarük edilirdi. Qışda saxsı qabların ağzı açılır və qovurulmuş ətdən müxtəlif xörəklər hazırlanırdı.
 
Azərbaycan mətbəxi həm də xəmir xörəkləri ilə zəngindir. Xəmir xörəkləri əsasən Azərbaycanın Bakı-Şirvan bölgəsində geniş yayılıb. Düşbərə, gürzə, qutab və digər xəmir xörəkləri adətən qış fəsli üçün xarakterik sayılır. Qədim zamanlardan indiyə qədər xəmir xörəklərindən xalq təbabətində də geniş istifadə olunub. Xalqımız xəmirdən hazırlanan umac və şorbalardan soyuqdəyməni aradan qaldırmaq üçün uzun zamandır ki istifadə edir. 
 
Azərbaycanın cənub bölgəsinin ən məşhur yeməyi ləvəngidir. Bu bölgədə ləvənginin müxtəlif növləri hazırlanır. Balıqdan, toyuqdan, çöl quşundan hazırlanan dadlı ləvəngi Azərbaycanın qonaqlarının da çox xoşladığı təamlardandır. 
 
Xəzər dənizinin, Kür və Araz çaylarının zəngin və çeşidli balıq ehtiyatları Azərbaycan mətbəxinə növbənöv balıq yeməklərinin daxil olmasına imkan yaradıb. Ölkəmizdə nərə, çəki, qızıl balıq,  kütüm və digər balıq növlərindən müxtəlif çeşiddə yeməklər hazırlanır. 
 
İndi gəldik Azərbaycan mətbəxinin şahı sayılan plova. Bir çox şərq ölkələrinin də milli xörəyi sayılan plovun Azərbaycanda 200-ə qədər növü var. Döşəmə plov, səbzi plov, fisincan plov, xan plov, südlü plov, çığırtma plov və başqaları xalqımız tərəfindən əsrlər boyu sevə-sevə bişirilib və məclislərdə süfrələrə verilib. El şənliklərini, mərasimləri plovsuz təsəvvür etmək mümkün deyil.
 
Azərbaycanda şirniyyat süfrələrinin də özünəməxsus xüsusiyyətləri var. Milli şirniyyatlarla zəngin Azərbaycan mətbəxində şəkərbura, paxlava, şəkərçörəyi, qurabiyə, Qarabağ kətəsi, Quba tıxması, Lənkəran külçəsi, Şəki halvası, Naxçıvan paxlavası və digər şirniyyatlar özünəməxsus koloriti ilə seçilir. Milli mətbəximizdə undan hazırlanan şirniyyat məmulatının 30-dan çox növü var. Hansı evdə qonaq olsanız sizi bu ləziz şirniyyatlarla zəngin çay süfrəsinə qonaq edəcəklər, həm də samovar çayına.
 
Azərbaycan ailələrində çay süfrələrinin xüsusi yeri var. Çay saraylardakı rəsmi qəbullardan tutmuş elçilik mərasimlərinədək adət-ənənəmizin möhürünə çevrilib. Susuzluğu yatıran, zərif ətri və xüsusi dadı ilə seçilən məxməri çay sağlamlıq üçün də faydalıdır. 
 
Zəngin Azərbaycan mətbəxi haqqında çox danışmaq olar. Amma atalar demişkən min dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır. Nuş olsun!